Mənfi düşüncənin gücü: Nosebo effekti nədir?

Mənfi düşüncənin gücü: Nosebo effekti nədir?

Zehni inanclarımızın gücü fiziki sağlamlığımıza birbaşa təsir göstərir. Müsbət düşüncələr plasebo effekti ilə sağalmağa kömək etdiyi halda, mənfi düşüncələr nosebo effektini işə salaraq sağlamlıq problemlərini ağırlaşdırır.

Mənfi düşüncənin gücü: Nosebo effekti nədir?

İnsan beyni təsəvvür etdiyimizdən daha güclü bir mexanizmdir. Müsbət düşüncələr sayəsində sağlamlığına qovuşan insanın hekayəsini eşitmək hamımıza ümid verir. Lakin bunun tam əksi də mümkündür: mənfi düşüncələr bədənimizə mənfi təsir göstərir. Nosebo effekti məhz bunu izah edir.

Əgər zehnimiz müsbət düşüncələrlə depressiyadan çıxmağımıza və ya sağalma prosesini sürətləndirməyimizə kömək edə bilirsə, mənfi düşüncələrin bizə nə qədər təsir edə biləcəyini də təsəvvür etmək mümkündür. Beynimiz müsbət və ya mənfi bütün mesajlara uyğunlaşaraq onları fiziki reaksiyalara çevirir.

Bəs bu təsirin real həyatda hansı nəticələrə səbəb olduğunu bilirsinizmi? Mövzu ilə bağlı Sağlamlıq Elmləri Universitetinin neyropsixoloqu Merve Tuğçe Doğru ilə danışılıb və “nosebo” effektinin az bilinən tərəfləri araşdırılıb.

“Mənfi düşüncələrlə dolu zehin həyat keyfiyyətimizə mənfi təsir göstərir. Müsbət motivasiyaedici yanaşma ilə həyatımızın hər sahəsində özümüzü yeniləyə, inkişaf etdirə və mümkün mənfi hallara qarşı özümüzü tənzimləyə bilərik.”

— Neyropsixoloq Merve Tuğçe Doğru

Müsbət düşüncənin gücü: Plasebo

Nosebo effektindən əvvəl hamının daha çox eşitdiyi plasebo effektindən danışmaq faydalıdır. Beynimiz müsbət inanclar vasitəsilə güclü təsir yaradır. Bu sağaldıcı gücə “plasebo effekti” deyilir.

Plasebo effekti əslində heç bir aktiv maddə ehtiva etməyən dərman və ya müalicənin insanın özünü daha yaxşı hiss etməsinə və müəyyən simptomların azalmasına səbəb olmasıdır. Məsələn, ağrınızı aradan qaldıracağına inandığınız sadə bir şəkər həbi belə beynin fəaliyyətinə təsir göstərərək ağrının azalmasına səbəb olur.

Neyropsixoloq Merve Tuğçe Doğru bu fenomenin tədqiqatlarla da təsdiqləndiyini bildirir:

“Aparılan tədqiqatların əksəriyyəti plasebonun və saxta dərmanların xüsusi hazırlanmış kimyəvi qarışıqlar qədər təsirli ola bildiyini göstərir. İnsan beynində verdiyi qərara və formalaşdırdığı qənaətə müəyyən müddətdən sonra beyin və bədən uyğunlaşmağa başlayır. Bu vəziyyət zehnin bədən üzərində kifayət qədər güclü təsirə malik olduğunu göstərir.”

Plasebonun təsirini ən yaxşı başa düşməyin yollarından biri real həyat nümunələrinə baxmaqdır. Məsələn, saxta diz əməliyyatı keçirilən bəzi xəstələrdə ağrıların azalması və ya vitamin qəbul etdiyini düşünən idmançıların performansında nəzərəçarpacaq artım müşahidə olunması buna nümunədir.

Bu hallar müsbət inancın belə insan orqanizminə təsir göstərə biləcəyini ortaya qoyur. Tuğçe Doğru Parkinson xəstəliyinin müalicəsində də plasebo effektinin əhəmiyyətindən danışır:

“Bir çox tədqiqat göstərir ki, Parkinson xəstəliyində motor nəzarət kimi müxtəlif sahələrdə plasebo effektlərinin neyrobioloji xüsusiyyətlər baxımından təsiri var. PET və ya MRT vasitəsilə qan axını ölçmələri araşdırıldıqda plasebo tətbiqi zamanı sinir fəaliyyətində dəyişikliklər aşkar edilib. Tədqiqatlarda beyində koqnitiv və emosional inteqrasiyada iştirak edən rostral ön singulat korteksin metabolik aktivliyində plasebo ilə əlaqəli artım və azalmalar qeydə alınıb.”

Bəs müsbət inanc bizi yaxşılaşdıra bilirsə, mənfi inancın bizi pis hiss etdirməsi niyə mümkün olmasın? Plasebonun əksi kimi qiymətləndirilən nosebo effekti məhz bu məqama diqqət çəkir.

Nosebo effekti beyində necə işləyir?

Son illərdə psixologiya və neyroelm sahəsində nosebo effekti daha ətraflı şəkildə araşdırılır. Bu təsir nədir və niyə əhəmiyyətlidir?

Nosebo effekti beynin fiziki sağlamlığımız üzərindəki güclü təsirini göstərir. Bəs zehindəki mənfi düşüncələr bədənə necə təsir edir?

Nosebo effekti müəyyən vəziyyət və ya maddə ilə bağlı mənfi gözləntilərin insanda fiziki narahatlıq yaratması kimi izah edilir.

Məsələn, farmakoloji baxımdan təsirsiz bir dərman qəbul etdiyinizi, lakin onun yan təsirlərindən qorxduğunuz üçün həmin yan təsirləri yaşadığınızı düşünün. Bu, nosebo effektinin ən tipik nümunələrindən biridir.

Neyropsixoloq Merve Tuğçe Doğru bu prosesi belə izah edir:

“Nosebo reaksiyaları randomizə edilmiş klinik tədqiqatlarda plasebo qəbul edən xəstələrdə müşahidə olunan mənfi təsirlərdir. Bu reaksiyalar paradoksal şəkildə simptomları ağırlaşdıra və tibbi müalicələrə mənfi cavabların yaranmasına səbəb olur. Nosebo effektləri insanın inanmasının, zehnində müəyyən qənaət formalaşdırmasının və beynini bu nəticəyə uyğun şəkildə kodlaşdırmasının nə qədər təsirli olduğunu göstərir. ‘Plasebo’ və ‘nosebo’ anlayışları insanın psixoloji baxımdan nə qədər güclü varlıq olduğunu ortaya qoyur.”

Nosebo effekti beynin koqnitiv və emosional mexanizmləri vasitəsilə fəaliyyət göstərir. Doğrunun sözlərinə görə, bu prosesdə bəzi neyrotransmitterlər də mühüm rol oynayır:

“Dopaminergik və opioid sistemlər həm mükafat mexanizmlərini, həm də emosional prosesləri tənzimləyir. Nosebo effekti zamanı bu sistemlərin fəaliyyəti pozulur. Bu da ürək-damar, immun və neyroendokrin sistemlərə mənfi təsir göstərir.”

Nosebo gündəlik həyatda necə qarşımıza çıxır?

Mənfi düşüncələrin hətta xəstəliklərin gedişinə təsir göstərə biləcəyini nümunələrlə izah etdik. Bəs gündəlik həyatımızda nosebo effektini hiss etmək mümkündürmü?

İnsan həyatının bütün sahələrində ətrafındakı insanlardan təsirlənir. Ailəmizin, dostlarımızın və sosial çevrəmizin mənfi düşüncələri fərqinə varmasaq belə bizə təsir edir.

Merve Tuğçe Doğru nosebo effektinin yalnız sağlamlıq sahəsində deyil, gündəlik həyatda da özünü göstərə bildiyini vurğulayır:

“Zehnin mənfi düşüncələrlə məşğul olması həyat keyfiyyətini aşağı salır. Sosial münasibətlərimiz, ailəmizlə əlaqələrimiz və iş həyatımızda yaşadığımız stress nosebo effektini tətikləyir. Bu vəziyyət yalnız psixoloji deyil, fiziki sağlamlığımız üçün də təhlükə yaradır.

Bütün münasibətlərimiz baxımından qeyd etmək lazımdır ki, nosebo effekti koqnitiv və emosional proseslərimizlə birbaşa əlaqəlidir. Mənfi düşüncələrlə dolu zehin həyat keyfiyyətimizə mənfi təsir göstərir. Müsbət motivasiyaedici yanaşma ilə həyatımızın bütün sahələrində özümüzü yeniləyə, inkişaf etdirə və mümkün mənfi hallara qarşı özümüzü tənzimləyə bilərik.”

Qarşısının alınması və motivasiyaedici yanaşmalar

Müsbət düşüncə nosebo effektinə qarşı vasitələrdən biri ola bilər. Bəs sağlam zehin üçün nə edə bilərik?

Mütəxəssislərin fikrincə, nosebo effektinin qarşısını almağın ən effektiv yollarından biri müsbət düşüncəni gücləndirməkdir.

Müsbət düşüncəni artırmaq üçün tövsiyə olunan üsullar arasında meditasiya, mindfulness (şüurlu fərqindəlik) və sağlam sosial münasibətlər qurmaq yer alır.

Bundan əlavə, fiziki sağlamlığı dəstəkləmək üçün müntəzəm yuxu, balanslı qidalanma və idman da böyük əhəmiyyət daşıyır. Doğrunun sözlərinə görə, motivasiyaedici yanaşmalar bu baxımdan mühüm rol oynayır.

“İnsanın zehnində yaranan müsbət düşüncələr onu depressiyadan çıxara və zədələnmiş dizin müalicəsini asanlaşdıra bilirsə, bu halda mənfi düşüncələrin də həyatımıza ciddi təsir göstərə biləcəyi söylənir. Zehin müsbət düşüncələrlə insanın sağlamlığının yaxşılaşmasına kömək edir. Əksinə, nosebo effekti zamanı beyin mənfi düşüncələrlə məşğul olduqda bu, bədən sağlamlığına zərər verir.

Nosebo effekti xəstəliklərin gedişinə və inkişafına ciddi şəkildə təsir göstərir. Yəni insanın zehni narahatlıq və həyəcan vəziyyətində olduqda bədənin fiziologiyası da bu vəziyyətdən təsirlənir.”

Kinoda nosebo effekti

Nosebo effektinin insan zehnindəki gücünü ekrana daşıyan filmlərdən biri 2022-ci ildə çəkilmiş “Nocebo” filmidir.

İrlandiyalı rejissor Lorcan Finneganın çəkdiyi psixoloji triller film bir moda dizaynerinin psixoloji sarsıntısını və bunun fiziki sağlamlığına dağıdıcı təsirini mövzu alır.

Eva Green və Mark Strongun baş rollarda çəkildiyi film qorxu və elmi fantastika elementlərini birləşdirərək nosebo effektinin insan üzərində yarada biləcəyi dərin təsirləri araşdırır.

“Nocebo” həm zehnin gücünü, həm də bu gücün mənfi istiqamətdə istifadə olunduqda insan həyatını necə dəyişə biləcəyini göstərən diqqətçəkən nümunələrdən biridir.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.