“Doomscrolling” ruh sağlamlığını pozur

“Doomscrolling” ruh sağlamlığını pozur

“Doomscrolling” — sosial mediada davamlı olaraq mənfi məzmunları vərəqləmək — həm beyni yorur, həm də ruh sağlamlığına mənfi təsir göstərir. Bəs bu vərdişdən qurtulmaq üçün nə etmək lazımdır?

Sosial mediada paylaşımlara baxarkən fərqinə varmadan saatlarınızı keçirdiyiniz olub? Qarşınızdan keçən mənfi məzmunların ardı-arası kəsilmir və bu məzmunlar sizi getdikcə daha çox özünə cəlb edir? Müasir dövrün yeni asılılığı hesab edilən “doomscrolling” məhz bu vəziyyəti ifadə edir.

Asılılığın yeni forması olan doomscrolling təkcə psixoloji sağlamlığımıza deyil, beynin fəaliyyətinə də mənfi təsir göstərə biləcək problem kimi qiymətləndirilir.

Klinik psixoloq İrem Akyüz Çaylak bu vərdişin psixoloji tərəfləri və “beyin çürüməsi” kimi uzunmüddətli təsirləri barədə danışıb.

Mənfi məzmun və xəbərlərə doymamaq: sonsuz narahatlıq dövrü

Bu gün sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin platformalarda davamlı olaraq məzmunları vərəqləmək bizi yalnız məlumatlandırmır, həm də sağlamlığımıza mənfi təsir göstərir.

“Doomscrolling” istifadəçilərin mənfi məzmunları dayanmadan izləməsi və bu dövrandan çıxa bilməməsi deməkdir.

Araşdırmalar göstərir ki, mənfi məzmunlar diqqətimizi daha çox cəlb edir. İrem Akyüz Çaylak bunu belə izah edir:

“İnsanların qəzəbli üz ifadəsini fərq etmə ehtimalı xoşbəxt üz ifadəsini fərq etmə ehtimalından daha yüksəkdir. Bəzi araşdırmalarda mənfi sözlərin də insanların diqqətini müsbət sözlərdən daha asan cəlb etdiyi müşahidə olunub. Mənfi xəbərlərin insanlara təsiri ilə bağlı araşdırmalarda da insanların mənfi xəbərlərə qarşı daha çox diqqət göstərdiyi müəyyən edilib. Bundan əlavə, mənfi xəbərlər insanın diqqətinə və seçimlərinə müsbət xəbərlərlə müqayisədə daha çox təsir göstərir.”

Çaylakın sözlərinə görə, rəqəmsal platformalarda davamlı olaraq mənfi məzmun axtarmaq müasir insanın stresslə mübarizə üsullarından birinə çevrilir.

“İnsanlar narahatlıq, stress və depressiv hisslər yaşadıqları zaman nəzarət davranışı kimi də doomscrolling edirlər. Buna COVID-19 pandemiyası dövründə qeyri-müəyyənliklə mübarizə aparmaq üçün rəqəmsal mediada tez-tez mənfi xəbərləri izləmək nümunə olur. İnsan mənfi məzmunları və xəbərləri yoxlamadığı zaman narahatlıq, kədər və əsəbilik kimi hisslər yaşaya bilər. Bu da onun yenidən həmin rəqəmsal fəaliyyətə yönəlməsinə səbəb olur. Beləliklə, asılılıq dövrü yaranır.”

Çaylak bildirir ki, bu vəziyyət stress hormonlarını aktivləşdirə və uzunmüddətli perspektivdə zehni tükənməyə səbəb olur. Beynin davamlı olaraq mənfi stimullarla mübarizə aparması çətinləşdikcə diqqət dağınıqlığı və qərarvermə qabiliyyətinin zəifləməsi kimi problemlər də ortaya çıxır.

“Beyin çürüməsi” təhlükəsi

Doomscrolling yalnız narahatlıq səviyyəsini artırmır, həm də beynin uzunmüddətli fəaliyyətinə mənfi təsir göstərir. Bu vərdiş beynin məlumatları emal etmək və diqqəti cəmləmək qabiliyyətinə təsir edir.

Davamlı informasiya bombardmanına məruz qalmaq beynin kifayət qədər dincəlməsinə imkan vermir. Uzun müddət ərzində bu vəziyyət unutqanlıq, diqqət dağınıqlığı və qərarvermə prosesində çətinliklərə səbəb olur.

Doomscrolling “beyin çürüməsi” ilə əlaqələndirilən amillərdən biri kimi göstərilir.

Rəqəmsal dövrün yeni təhlükəsi: “beyin çürüməsi”

İrem Akyüz Çaylakın sözlərinə görə, insan sistemli şəkildə doomscrolling etdikdə özünü daim təhlükə altında hiss edə bilər.

“Aparılan bəzi araşdırmalarda doomscrollinglə daha çox məşğul olan insanların psixoloji çətinliklər yaşamaq ehtimalının daha yüksək olduğu müəyyən edilib. Bunun isə daha aşağı zehni rifah, həyat məmnuniyyəti və həyata uyğunlaşma səviyyəsi ilə əlaqəli olduğu görülüb.”

Araşdırmalarda doomscrollingin yuxuya da təsir etdiyi və ümumi sağlamlığa zərər verə bildiyi ortaya çıxıb. Bəzi insanlarda xroniki yuxu problemlərinin depressiya əlamətlərini tətikləyə bildiyi müşahidə olunub.

Alqoritmlər doomscrolling asılılığını gücləndirir

Sosial media alqoritmləri istifadəçilərin izlədiyi və bəyəndiyi məzmunlara bənzər paylaşımları tövsiyə edir. Bu isə insanların mənfi və zorakılıq məzmunlu paylaşımlara daha çox məruz qalmasına və doomscrolling dövrünə düşməsinə səbəb olur.

Asılılığın əsas xüsusiyyətlərindən biri insanın istifadə üzərində nəzarəti itirməsidir. Doomscrolling zamanı da insanlar özlərini pis hiss etmələrinə baxmayaraq bu davranışı davam etdirirlər.

Zaman keçdikcə bu vərdiş yalnız psixoloji deyil, fiziki sağlamlığa da mənfi təsir göstərir.

İrem Akyüz Çaylak doomscrollingin sosial media asılılığının bir hissəsi kimi qiymətləndirilə biləcəyini bildirərək, bu vərdişlə mübarizə yollarını belə sıralayır:

Rəqəmsal sərhədlər müəyyən edin:

“Gündəlik sosial media istifadənizi məhdudlaşdırın. Xüsusilə yatmazdan əvvəl ekran qarşısında keçirdiyiniz vaxtı azaltmaq zehni sağlamlığınız üçün mühüm addımdır.”

Fərqindəliyinizi artırın:

“İndiki ana fokuslanın. Hisslərinizə və ətrafınızdakı duyğusal stimullara diqqət yetirməklə zehninizi mənfi düşüncələrdən uzaqlaşdıra bilərsiniz.”

Peşəkar dəstək alın:

“Əgər doomscrollinglə mübarizə aparmaqda çətinlik çəkirsinizsə, bir mütəxəssisdən yardım almağı düşünə bilərsiniz.”

Doomscrolling sadəcə rəqəmsal vərdiş deyil, fərdi və ictimai sağlamlığa təsir göstərə bilən problemdir. Mənfi məzmunların psixoloji rifahımıza və gündəlik həyatımıza təsirlərini nəzərə aldıqda, bu vərdişə son qoymaq daha da vacib olur.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.