Xroniki bel və ayaq ağrıları həyat keyfiyyətini aşağı salır

Xroniki bel və ayaq ağrıları həyat keyfiyyətini aşağı salır

Beyin və Sinir Cərrahiyyəsi üzrə mütəxəssis Op. Dr. Ümit Zeydoğlu üç ay və daha uzun müddət davam edən bel və ayaq ağrılarının səbəbləri, diqqət yetirilməli əlamətlər və xroniki ağrılarda tətbiq oluna biləcək yanaşmalar barədə məlumat verib.

Bel və boyun ağrıları, eləcə də onların qola və ya ayağa yayılan əks-sədaları cəmiyyətdə geniş rast gəlinən sağlamlıq problemləri sırasındadır. Əksər hallarda istirahət, dərman müalicəsi və ya gündəlik həyat tərzində dəyişikliklərlə azalan bu ağrılar bəzi insanlarda aylarla davam edir. Uzunmüddətli ağrı yerimə, oturma, işləmə, yatma və sosial həyata qoşulma kimi gündəlik fəaliyyətlərə mənfi təsir göstərə bilər. Bu səbəbdən yalnız ağrının hiss olunduğu nahiyənin deyil, həm də ağrının mənbəyinin və sinir sistemi ilə əlaqəsinin qiymətləndirilməsi vacibdir.

Hər bel və ayaq ağrısının səbəbi eyni deyil

Bel nahiyəsindən ombaya, ayağa və ya pəncəyə yayılan ağrılar bel yırtığı, onurğa kanalının daralması, sinir kökünün sıxılması, onurğada degenerativ dəyişikliklər və ya onurğa oynaqlarından qaynaqlanan problemlərlə əlaqəlidir. Daha əvvəl bel və ya boyun nahiyəsindən onurğa əməliyyatı keçirmiş bəzi xəstələrdə də ağrı xroniki xarakter alır.

Ağrının yanma, sancma, elektrik vurması, keyimə və ya iynələnmə şəklində hiss edilməsi neyropatik, yəni sinir mənşəli ağrıdan şübhələnməyə əsas verir.

Üç aydan çox davam edən ağrı xroniki xarakter alır

Adətən üç aydan uzun davam edən ağrılar xroniki ağrı kimi qiymətləndirilir. Ağrının uzun müddət davam etməsi insanın hərəkət etməkdən çəkinməsinə, yuxu rejiminin pozulmasına və gündəlik fəaliyyətlərinin məhdudlaşmasına səbəb olur. Daha az hərəkət etmək isə zamanla əzələlərin zəifləməsinə və hərəkət qabiliyyətinin daha da azalmasına gətirib çıxarır.

Xroniki ağrı yalnız fiziki narahatlıq deyil. Uzunmüddətli ağrı insanın əmək fəaliyyətinə, sosial münasibətlərinə və ümumi həyat tərzinə də təsir göstərir. Buna görə də müayinə zamanı ağrının müddəti, şiddəti, yayılma istiqaməti və əvvəllər tətbiq olunan müalicələrə verilən cavab birlikdə nəzərə alınmalıdır.

Ağrının mənbəyinin müəyyənləşdirilməsi vacibdir

Bel və ayaq ağrılarında müalicə yanaşması yalnız ağrının şiddətinə əsasən müəyyən edilmir. Ağrının mənbəyi, sinir toxuması ilə əlaqəsi, nevroloji müayinə nəticələri və görüntüləmə müayinələrinin nəticələri birlikdə qiymətləndirilməlidir.

Onurğa beyni və ya sinir kökü üzərində ciddi təzyiq, getdikcə artan əzələ gücü itkisi və ya cərrahi müdaxilə tələb edən struktur problem aşkarlandıqda əməliyyat gündəmə gəlir. Cərrahi müdaxilə tələb olunmayan hallarda isə dərman müalicəsi, fizioterapiya, məşq proqramları və gündəlik həyat tərzində dəyişikliklər əsas seçimlər arasında yer alır.

Bəzi xəstələrdə zəruri cərrahi müdaxilə həyata keçirilsə də, sinir mənşəli ağrı qalıcı olur. Buna görə də hər xəstənin vəziyyəti fərdi şəkildə qiymətləndirilməlidir. Xüsusilə yanma, sancma, elektrik vurması, keyimə və iynələnmə kimi neyropatik xüsusiyyətlərin olması müalicə yanaşmasının müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Xroniki ağrılarda onurğa beyni stimulyasiyası tətbiq olunur

Dərman müalicəsi, fizioterapiya və uyğun müdaxilələrə baxmayaraq davam edən bəzi xroniki sinir ağrılarında spinal kord stimulyasiyası (SCS), xalq arasında “onurğa beyni pili” və ya “ağrı pili” kimi tanınan üsul müalicə variantlarından biri kimi nəzərdən keçirilir.

Bu üsul xüsusilə bel və ya boyun əməliyyatından sonra davam edən xroniki ağrılarda, travma və ya cərrahi müdaxilədən sonra yaranan sinir mənşəli ağrılarda və kompleks regional ağrı sindromu kimi seçilmiş hallarda gündəmə gətirilir.

SCS tətbiqi zamanı onurğa beyninin ətrafındakı epidural sahəyə nazik elektrodlar yerləşdirilir. Bu elektrodlar dərinin altına yerləşdirilən stimulyator sistemi ilə əlaqələndirilir. Elektrik impulsları vasitəsilə ağrı siqnallarının sinir sistemi daxilində ötürülmə formasının tənzimlənməsi hədəflənir.

Bu müalicənin məqsədi ağrını tamamilə aradan qaldırmaq deyil. Əsas hədəf ağrının şiddətini azaltmaq, hərəkət qabiliyyətini dəstəkləmək və gündəlik həyatın daha rahat və davamlı olmasına kömək etməkdir.

Daimi sistem yerləşdirilməzdən əvvəl sınaq mərhələsi tətbiq olunur

Daimi sistem yerləşdirilməzdən əvvəl adətən sınaq mərhələsi həyata keçirilir. Müvəqqəti elektrodlarla aparılan bu proses zamanı xəstənin ağrısındakı dəyişiklik və gündəlik həyatındakı funksional yaxşılaşmalar qiymətləndirilir. Kifayət qədər klinik nəticə əldə olunarsa, daimi sistemin yerləşdirilməsi planlaşdırılır. Gözlənilən nəticə əldə edilmədikdə isə daimi tətbiqə keçilmir.

Onurğa beyni stimulyatoru hər xroniki ağrı xəstəsi üçün uyğun deyil. Xəstənin ağrı tipi, görüntüləmə nəticələri, daha əvvəl tətbiq olunan müalicələr, cərrahi müdaxilə tələb edən vəziyyətin olub-olmaması və ümumi sağlamlıq durumu birlikdə qiymətləndirilməlidir.

Lazım görüldükdə epidural inyeksiya, radiotezlik, DRG radiotezlik və ya neyromodulyasiya, nukleoplastika, vertebroplastika, kifoplastika və spinal cərrahiyyə kimi müxtəlif müdaxilələr də ağrının mənbəyindən asılı olaraq nəzərdən keçirilir. Hansı üsulun uyğun olduğuna ətraflı müayinə, görüntüləmə nəticələri və klinik qiymətləndirmədən sonra qərar verilməlidir.

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.