Üzünüz yanır, ənsəniz isinirsə, diqqət: Yüksək xolesterin illərlə səssiz irəliləyə bilər
Xolesterinin yüksək olması uzun müddət heç bir əlamət vermədən irəliləyə bilər. Bəzi insanlarda baş ağrısı, üzdə istilik hissi və ənsədə yanma kimi şikayətlər müşahidə olunsa da, problem bəzən ilk dəfə infarkt və ya insult kimi ciddi vəziyyətlərlə üzə çıxır. Mütəxəssislər xüsusilə risk qrupunda olan insanların mütəmadi qan analizləri etdirməsinin vacibliyini vurğulayırlar.
Orqanizmdə ən səssiz irəliləyən sağlamlıq problemlərindən biri olan yüksək xolesterin illərlə fərq edilmədən qala bilər. Baş ağrısı, üzdə istilik hissi və ənsədə yanma kimi yüngül şikayətlər çox vaxt ciddi qəbul edilmir. Lakin bəzi hallarda yüksək xolesterinin ilk ciddi göstəricisi infarkt və ya insultdur.
Bu səbəbdən xüsusilə xroniki xəstəlikləri olan insanların xolesterin göstəricilərini mütəmadi olaraq yoxlatdırması böyük əhəmiyyət daşıyır.
Yüksək xolesterin həmişə əlamət vermir
Xolesterin səviyyəsinin yüksəlməsi bəzi insanlarda illərlə nəzərə çarpmır. İrsi xolesterin yüksəkliyi olan insanlarda göz qapaqlarında və dərinin büküş yerlərində yağ yığılması nəticəsində müəyyən törəmələr yaranır. Sonradan inkişaf edən hallarda isə heç bir əlamət müşahidə olunmur.
Bəzi insanlarda baş ağrısı, üzdə istilik hissi və ya ənsə nahiyəsində yanma kimi şikayətlər görülür. Lakin yüksək xolesterinin bəzi hallarda ilk ciddi əlaməti infarkt və ya insult kimi həyati təhlükəli vəziyyətlər olur.
Çukurova Universiteti Tibb Fakültəsindən dosent doktor Gamze Akkuş xolesterin yüksəkliyinin əksər hallarda səssiz irəlilədiyini bildirərək, xüsusilə risk qrupunda olan insanların mütəmadi müayinələrini təxirə salmamasının vacibliyini vurğulayıb.
Kimlər daha çox risk altındadır?
Şəkərli diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri və xroniki böyrək xəstəliyi olan insanların xolesterin göstəriciləri daha yaxından izlənilməlidir.
Ailəsində erkən yaşlarda ürək-damar xəstəliyi və ya ciddi xolesterin yüksəkliyi olan insanlar da yüksək risk qrupuna daxildir.
Mütəxəssislərə görə, xroniki xəstəliyi və ya irsi riski olan insanların xolesterin göstəricilərini ildə ən azı bir dəfə yoxlatdırması vacibdir. Aydın risk faktoru olmayan insanlarda isə müayinələr daha uzun fasilələrlə aparılmalıdır.
Xolesterini azaltmaq üçün ilk addım– həyat tərzini dəyişdirmək
Yüksək xolesterin zamanı ilk mərhələdə sağlam qidalanma və həyat tərzində dəyişikliklər tövsiyə olunur.
Tərəvəz, sağlam zülal mənbələri və balanslı yağ qəbulunu ön plana çıxaran Aralıq dənizi tipli qidalanma, həmçinin duz qəbulunun məhdudlaşdırıldığı DASH qidalanma modeli ürək-damar sağlamlığının qorunmasına kömək edir.
Qidalanma və həyat tərzində edilən dəyişikliklərə baxmayaraq xolesterin səviyyəsində kifayət qədər azalma əldə olunmazsa, həkim qiymətləndirməsindən sonra dərman müalicəsinə başlanması gündəmə gəlir.
Yüksək xolesterin uzun müddət heç bir əlamət vermədən irəliləyə bildiyi üçün xüsusilə risk qrupunda olan insanların mütəmadi qan analizləri etdirməsi və nəticələri həkimlə birlikdə qiymətləndirməsi böyük əhəmiyyət daşıyır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az