Uşaqlarda görünməyən təhlükə: Dissosiasiya

Uşaqlarda görünməyən təhlükə: Dissosiasiya

Dissosiasiya insanın zehni ilə reallıq arasında əlaqənin qopması vəziyyətidir. Travmadan sonra ortaya çıxa bilən bu mexanizm insanın emosional və sosial həyatına ciddi təsir göstərir. Bəs uşaqlarda bu vəziyyəti necə fərq etmək və onlara necə dəstək olmaq olar?

Təsəvvür edin ki, bir uşaq sinifdə oturub, gözləri lövhədədir, amma fikri tamam başqa yerdədir… Dissosiasiya məhz bunu ifadə edir. İnsan fiziki olaraq bir yerdə olsa da, zehni olaraq həmin anda orada olmur. Böyüklərdə də müşahidə edilə bilən bu vəziyyət uşaqlarda daha dərin və təsirli şəkildə özünü göstərir. Uşağın özünə qapanması və ya qəfil emosional dəyişikliklər yaşaması dissosiasiyanın əlamətlərindən biridir.

Beynəlxalq mənbələrdə “zehnin travmadan qaçışı” kimi təsvir edilən dissosiasiyanın yayılmasına dair diqqətçəkən məlumatlar yer alır. Müharibə bölgələrində və ya ailədaxili zorakılıq mühitində böyüyən uşaqlar bu risklə daha çox qarşılaşa bilirlər.

Uşaq və Yeniyetmə Psixiatriya Mütəxəssisi Öndər Küçük dissosiasiyanın uşaqlara təsirlərini və səbəblərini ətraflı izah edir.

Uşaqlar dissosiasiyaya daha meyillidirlər

Uşaq və Yeniyetmə Psixiatriya Mütəxəssisi Öndər Küçük dissosiasiyanın orqanizmin travmaya qarşı inkişaf etdirdiyi müdafiə mexanizmi olduğunu bildirir. Onun sözlərinə görə, uşaqların problemlərin öhdəsindən gəlmək imkanları məhdud olduğu üçün bu vəziyyətə daha meyilli olurlar.

“Qaçmağın və ya mübarizə aparmağın mümkün olmadığı hallarda insan donma və qopma reaksiyası verir. Uşaqlar onları çox qorxudan, stresə salan və ya öhdəsindən gələ bilməyəcəkləri qədər çətin vəziyyətlərlə qarşılaşdıqda dissosiasiyadan mübarizə və ‘sağ qalma’ üsulu kimi istifadə edirlər. Uşaqlar yaşadıqları travmanı şüuraltına itələyərək reallıqdan uzaqlaşırlar və bu uzaqlaşma adətən diqqət dağınıqlığı və yaddaş problemləri şəklində özünü göstərir.”

Hansı travmalar dissosiasiyaya səbəb olur?

Dissosiasiya uşaqlıq dövründə yaşanan travmatik təcrübələr nəticəsində ortaya çıxır. Mütəxəssis fiziki, cinsi və ya emosional zorakılığın, laqeyd və ya güvənsiz valideyn münasibətinin, psixoloji pozuntusu və ya asılılıq problemi olan böyüklə yaşamağın, ağır stresin, qəzaların, müharibələrin, təbii fəlakətlərin, ölüm və boşanma kimi böyük itkilərin uşaqlar üçün travmatik ola biləcəyini bildirir.

Uşaq xəyal qurur, yoxsa dissosiasiya yaşayır?

Dissosiasiya yaşayan uşağı fərq etmək hər zaman asan olmur. Lakin diqqətli müşahidə zamanı müəyyən əlamətləri görmək mümkündür.

“Uşaqlar dissosiasiya yaşadıqda xəyal qururmuş və ya fikrə gedibmiş kimi görünürlər. Ən çox rast gəlinən əlamətlərdən biri gözlərini bir nöqtəyə zilləyərək ətrafdan gələn qıcıqlara cavab verməmələridir. Dissosiasiya yaşayan uşaq müəyyən vəziyyətlərdə öz hisslərindən, xatirələrindən və kimliyindən uzaqlaşır. Belə hallarda qarşısındakı insana əhəmiyyət vermirmiş, onu görməzdən gəlirmiş kimi görünə və ya dialoqdan, söhbətdən tamamilə qopur.”

Küçük əlavə olaraq mühüm və ya travmatik hadisələrin unudulmasının, tez-tez dalğın və ya trans vəziyyətində görünməyin, qəfil əvvəlkindən daha kiçik uşaq kimi davranmağa başlamağın da əlamətlər arasında olduğunu qeyd edir. Bundan başqa, uşağın özünə üçüncü şəxsin adından müraciət etməsi, eşitmə və ya görmə hallüsinasiyaları yaşaması da diqqət çəkən əlamətlər sırasında göstərilir.

Virtual dünyanın tələləri dissosiasiyanı artırır

Öndər Küçük uşaqların rəqəmsal məzmun və sosial mediada qarşılaşdıqları travmatik məzmundan uzaqlaşmaq üçün reallıqdan qoparaq virtual dünyaya sığına bildiklərini və bunun dissosiasiyanı tətikləyə biləcəyini bildirir.

“Sosial media platformalarında göstərilən ‘möhtəşəm həyatların’ öz həyatları ilə üst-üstə düşmədiyini gördükdə, xüsusilə uşaqlar bu vəziyyətdən qaçmaq üçün reallıq əvəzinə virtual reallıq yaratmağa çalışırlar. Araşdırmalar göstərir ki, insanlar sosial mediada vaxt keçirərkən də dissosiasiya yaşaya və keçən vaxta nəzarət edə bilmirmiş kimi hiss edirlər.”

Müalicə və dəstək necə olmalıdır?

Mütəxəssis dissosiasiya yaşayan uşaqlar üçün müntəzəm yuxu rejiminin və sağlam qidalanma vərdişlərinin vacib olduğunu vurğulayır. Bununla yanaşı, streslə mübarizəni asanlaşdıran dəstək mexanizmləri və güclü sosial əlaqələr də mühüm rol oynayır.

Erkən müdaxilə uşağın yaşadığı problemlərin dərinləşməsinin qarşısını almağa və gələcəkdə daha sağlam psixoloji inkişafına dəstək olur. Uşaqda davamlı olaraq reallıqdan qopma, yaddaş problemləri, uzun müddət dalğın qalma və ya digər narahatedici davranışlar müşahidə edilirsə, vəziyyətin mütəxəssis tərəfindən qiymətləndirilməsi vacibdir.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.