Şimali Koreya Rusiyaya 50 min əsgər göndərir
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreya əsgərlərinin Rusiyadakı mövcudluğu ilə bağlı yeni açıqlamalar verib. Zelenski Rusiyaya yerləşdirilən Şimali Koreya hərbçilərinin sayının 50 minə çatacağını bildirib.
Ukrayna lideri hava hücumundan müdafiə sistemlərinin çatışmazlığına diqqət çəkərək Cənubi Koreyadan dəstək istəyib.
Zelenski Şimali Koreyanın müasir müharibə təcrübəsi qazanacağını və Rusiyadan hərbi texnologiyalar əldə edəcəyini qeyd edib.
Ukraynanın hərbi kəşfiyyatının rəsmiləri Şimali Koreyaya məxsus raket birliyinin Rusiyanın qərbinə doğru hərəkət etməyə başladığını bildiriblər.
Qeyd olunub ki, sözügedən birlik 120 ballistik raket və 6 buraxılış qurğusu ilə təchiz edilə bilər.
Şimali Koreyanın daha əvvəl Kursk vilayətinə təxminən 14 min hərbçi göndərdiyi və bu qüvvələrin minlərlə itki verdiyi bildirilib.
Bundan başqa, Pxenyan administrasiyasının Rusiyaya milyonlarla sursat, ballistik raket və reaktiv yaylım atəş sistemləri verdiyi qeyd edilib.
Qarşılıqlı hücumlar davam edir
Xarkov şəhərinin Saltivski rayonunda yaşayış binasına Rusiyanın həyata keçirdiyi raket hücumu nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Odessada baş verən hücumlar zamanı enerji infrastrukturu, liman və yaşayış binalarına ziyan dəyib. Dnepr şəhərində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məxsus tibbi ləvazimat anbarı vurularaq məhv edilib. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus səhiyyə müəssisələrinə qarşı hücumların dayandırılmasına çağırıb.
Rusiya tərəfi isə Ukrayna dronlarının Belqorod vilayətində 5 nəfərin ölümünə, 24 nəfərin yaralanmasına səbəb olduğunu açıqlayıb.
Ukraynaya məxsus dronların Novorossiysk şəhərində kommersiya obyektlərini və bir yaşayış binasını hədəfə aldığı bildirilib.
PUA-lar qonşu ölkələrə düşüb
Ukraynaya məxsus olduğu ehtimal edilən dron Bolqarıstanın hava məkanına daxil olduqdan sonra partlayıb. Bundan sonra Sofiya administrasiyası Ukraynanın Bolqarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Hadisə nəticəsində hər hansı insan itkisi qeydə alınmayıb. İki ölkənin rəsmilərinin məsələ ilə bağlı əlaqə saxladığı açıqlanıb.
Moldovanın Kroçmaz kəndi yaxınlığında da hərbi drona aid olduğu bildirilən qalıqlar aşkarlanıb.
Böyük Britaniyadan hava hücumundan müdafiə çağırışı
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq müttəfiq ölkələri qış mövsümü başlamazdan əvvəl Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çağırıb.
Papa Leo isə duasından əvvəl etdiyi çıxışda Ukrayna və Rusiyada mülki şəxslərin həyatını itirməsindən kədər hissi keçirdiyini bildirib və tərəfləri mülki obyektlərə qarşı hücumları dayandırmağa çağırıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, müharibə başlayandan indiyədək 16 mindən çox mülki şəxs həyatını itirib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az