Qərbi Avropada temperatur rekordunun qırıldığı yay

Qərbi Avropada temperatur rekordunun qırıldığı yay

Avropa İttifaqının iqlim monitorinq xidməti Copernicusun məlumatlarına görə, Qərbi Avropada iyun və iyul aylarında orta temperatur mövsümi normadan 2,79 dərəcə yüksək olub. Temperatur orta hesabla 21,62 dərəcəyə çatıb.

İyul ayı eyni zamanda qlobal miqyasda qütb bölgələri istisna olmaqla, okeanlar üçün ən isti ay kimi qeydə alınıb.

Atlantik okeanı və Qərbi Aralıq dənizi boyunca qeydə alınan rekord temperaturların Sakit okeanda inkişaf edən El Niño hava hadisəsinin təsiri ilə dəniz canlılarına və sahilyanı icmalara mənfi təsir göstərdiyi bildirilib.

Can itkiləri və infrastruktur çatışmazlığı

İsti hava dalğalarının təsiri altına düşən Avropada yüksək temperaturla əlaqəli səbəblərdən 25 mindən çox insanın həyatını itirdiyi bildirilib. Köhnə infrastruktur və kondisionerlərdən istifadənin yetərli səviyyədə olmaması isə isti hava ilə mübarizəni çətinləşdirib.

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlim üzrə mütəxəssisi Samantha Burgess bildirib ki, dözülməz isti hava ilə quraqlıq bir-birini gücləndirir. Onun sözlərinə görə, torpaq quruduqca təbii soyutma qabiliyyətini itirir.

Fransa, İspaniya, Almaniya və İngiltərənin bəzi bölgələrində yağıntı və torpağın rütubət səviyyəsində rekord azalma qeydə alınıb.

Meşə yanğınları və çaylarda su səviyyəsi ilə bağlı həyəcan

Rekord temperatur qitə boyunca meşə yanğınlarının artmasına səbəb olub. İspaniya, Fransa və İtaliyada baş verən yanğınlar nəticəsində 1,23 milyon akrdan çox ərazi yanıb, yüz minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Copernicus Atmosfer Monitorinq Xidmətinin direktoru Laurence Rouil bildirib ki, yanğınların yaratdığı sıx tüstü geniş ərazilərdə havanın keyfiyyətini aşağı salıb.

Quraqlıq səbəbindən Sena, Reyn və Dunay çaylarında suyun səviyyəsi də aşağı düşüb. Dunay çayında suyun həddindən artıq azalması nəticəsində Macarıstan və Rumıniyada çaydan soyutma suyu alan nüvə reaktorlarında enerji istehsalı müvəqqəti olaraq dayandırılıb.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.