Qazaxıstan Xəzər üzərindən Azərbaycan tranzitini genişləndirə bilər

Qazaxıstan Xəzər üzərindən Azərbaycan tranzitini genişləndirə bilər

Qazaxıstan neft ixracının şaxələndirilməsi istiqamətində alternativ marşrutların imkanlarını qiymətləndirir. Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətində müşahidə olunan qeyri-sabitlik fonunda Bakı–Tbilisi–Ceyhan (BTC), Bakı–Supsa boru kəmərləri, eləcə də Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən tranzit əlavə ixrac istiqamətləri kimi nəzərdən keçirilir.

Gundelik.az xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə ölkənin Energetika Nazirliyindən məlumat verilib.

Qazaxıstanın “KazMunayQaz” milli neft-qaz şirkəti 2026-cı ildə BTC vasitəsilə neft ixracının həcmini ötən illə müqayisədə 31 faiz artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır.

2026-cı ilin yanvar–iyun aylarında isə Aktau limanı vasitəsilə BTC istiqamətində 704 min ton Qazaxıstan nefti nəql olunub.

Qeyd edək ki, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir. Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondan çox neft təşkil edir.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.