Oturacağına oturmaqdan imtina edən uşaq uçuşun ləğvinə səbəb oldu
Kanadada Viktoriya Beynəlxalq Hava Limanından Toronto Pearson Beynəlxalq Hava Limanına uçmağa hazırlaşan Porter Hava Yollarına məxsus PD444 reysinin uçuşu azyaşlı uşağın təhlükəsizlik kəmərini bağlamaqdan imtina etməsi və oturacağında ayağa qalxması səbəbindən baş tutmayıb.
Şirkətin sözçüsü Bred Siseronun açıqlamasına görə, valideynin və kabin heyətinin bütün cəhdlərinə baxmayaraq, uşaq oturacağına əyləşməyib. Buna görə də təyyarə uçuş-enmə zolağından terminala geri qaytarılıb.
Təyyarənin terminala gətirilməsi, uşağın və valideyninin təyyarədən düşürülməsi, baqajların boşaldılması və rəsmi prosedurların yenidən həyata keçirilməsi vaxt apardığından uçuş gecikib.
Viktoriya hava limanının uçuş-enmə zolağının gecə saat 00:30-da bağlanması səbəbindən isə reysin tamamilə ləğv edildiyi bildirilib.
Siseron digər sərnişinlərdən üzr istəyib və təyyarənin növbəti gün günortadan sonra Toronto istiqamətində yola düşdüyünü qeyd edib.
Sərnişinlərdən Aryeh Kozuch təyyarədə gərginlik yaşandığını, lakin uşağın aqressiv davranmadığını bildirib. Onun sözlərinə görə, uşaq əslində çox qorxub və oturacağın altında gizlənməyə çalışıb.
Digər sərnişin Hillari Hertzberq isə aviaşirkətin hadisə zamanı sərnişinlərlə kifayət qədər ünsiyyət saxlamadığını və uçuş ləğv edildikdən sonra yerləşdirmə məsələsində sərnişinlərin çətinliklə üzləşdiyini deyib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az