Nigar Məmmədova: “Mediasiyaya müraciət hüquqi düşüncənin formalaşdığını göstərir”
Cəmiyyətin hüquqi mədəniyyətinin formalaşması yalnız qanunların mövcudluğu ilə deyil, vətəndaşların həmin qanunlardan necə və hansı üsullarla istifadə etməsi ilə ölçülür. Mübahisələrin məhkəmədənkənar, dialoq və qarşılıqlı anlaşma yolu ilə həlli isə hüquqi savadlılığın və hüquqi düşüncə tərzinin mühüm göstəricilərindən hesab olunur. Bu baxımdan mediasiya institutu müasir hüquq sistemində təkcə alternativ mexanizm deyil, həm də hüquqi mədəniyyətin inkişaf indikatoru kimi çıxış edir. Gundelik.az xəbər portalına müsahibəsində peşəkar mediator Nigar Məmmədova mediasiyanın cəmiyyətin hüquqi savadlılıq səviyyəsi ilə əlaqəsini şərh edir. O bildirir ki, mediasiyaya müraciət edən tərəflər artıq mübahisəni emosional qarşıdurma deyil, hüquqi çərçivədə və sivil üsulla həll etməyin mümkün olduğunu dərk edirlər. Ekspertin sözlərinə görə, mediasiya həm hüquqi biliklərin praktik tətbiqinə şərait yaradır, həm də dialoq mədəniyyətini və rasional qərarvermə bacarığını gücləndirərək cəmiyyətin hüquqi şüurunun inkişafına töhfə verir.
Mediasiyanı cəmiyyətin hüquqi savadlılığının göstəricisi hesab etmək olarmı?
— Bəli, müəyyən mənada olar. Çünki hüquqi savadlılıq yalnız qanunları bilmək deyil, hüquqi mexanizmlərdən düzgün və effektiv istifadə etməyi bacarmaqdır. Mediasiyaya müraciət edən tərəflər artıq mübahisəni hüquqi çərçivədə və sivil üsulla həll etməyin mümkün olduğunu anlayırlar.
Jurnalist: Yəni mediasiyaya üstünlük verilməsi hüquqi mədəniyyətin artdığını göstərir?
— Ekspert: Tamamilə doğrudur. İnsanlar məhkəməyə getməzdən əvvəl alternativ həll yollarını dəyərləndirirlərsə, bu, onların hüquqi düşüncəsinin formalaşdığını göstərir. Bu yanaşma emosional deyil, hüquqi və rasional qərar vermə qabiliyyətinin göstəricisidir.
Hüquqi savadlılıqla mediasiya arasında konkret hansı əlaqə var?
— Ekspert: Hüquqi savadlı insan bilir ki, mübahisənin həlli üçün bir neçə yol mövcuddur: məhkəmə, arbitraj, mediasiya və s. Mediasiyanı seçmək isə tərəflərin həm hüquqlarını, həm də öhdəliklərini dərk etməsi deməkdir. Bu seçim hüquqi biliklə yanaşı, hüquqi mədəniyyətin də formalaşdığını göstərir.
Bəs mediasiya hüquqi savadlılığı artıra da bilərmi?
— Ekspert: Əlbəttə. Mediasiya prosesində tərəflər hüquq və öhdəlikləri barədə daha aydın məlumat əldə edirlər. Onlar müqavilə, məsuliyyət, kompromis anlayışlarını praktik şəkildə yaşayırlar. Bu da gələcəkdə daha düzgün hüquqi davranış formalaşdırır.
O zaman demək olar ki, mediasiya həm göstərici, həm də inkişaf vasitəsidir?
— Bəli. Mediasiya bir tərəfdən cəmiyyətin hüquqi savadlılıq səviyyəsini əks etdirir, digər tərəfdən isə onu daha da gücləndirən bir mexanizm rolunu oynayır. Dialoq mədəniyyəti və hüquqi düşüncə inkişaf etdikcə, mediasiyanın rolu da artacaq.
Aktual mövzuya aydınlıq gətirdiyi üçün Nigar xanım Məmmədovaya təşəkkür edirik.

Gundelik.az