NASA-dan Marsda alimləri təəccübləndirən kəşf

NASA-dan Marsda alimləri təəccübləndirən kəşf

NASA-nın Perseverance roveri Marsın Jezero kraterində apardığı araşdırmalar zamanı gözlənilməz kəşfə imza atıb. Roverin lazer sistemləri vasitəsilə açıq rəngli süxurlar üzərində aparılan analizlər nəticəsində Yer kürəsində qiymətli daşların – yaqut və sapfirin əsasını təşkil edən korund mineralı aşkar edilib.

Marsda ilk dəfə rast gəlinən bu mineralın tərkibində xromla əlaqəli izlər müəyyənləşdirilib. Məhz bu element yaquta xas qırmızı və çəhrayı çalarların yaranmasında mühüm rol oynayır.

Korund necə yaranıb?

Korund əsasən alüminiumla zəngin, silisium baxımından kasıb mühitlərdə əmələ gəlir. Yer kürəsində bu mineralın yaranması yüksək temperatur və tektonik proseslərlə əlaqələndirilir. Lakin Marsda belə bir mineralın hansı şəraitdə formalaşdığı alimlər üçün maraqlı sual doğurub.

Tədqiqatların diqqət mərkəzində olan “Hampden River”, “Coffee Cove” və “Smiths Harbour” adlı üç müxtəlif süxur nümunəsinin kraterin ayrı-ayrı hissələrində yerləşdiyi və əsas süxurdan qoparaq həmin ərazilərə daşındığı bildirilib.

Jezero kraterini yaradan nəhəng zərbə

Los Alamos Milli Laboratoriyasından geokimyaçı Ann Ollilanın rəhbərlik etdiyi tədqiqat qrupu mineralın yaranması ilə bağlı əsas nəzəriyyəni irəli sürüb.

Alimlərin fikrincə, korund milyardlarla il əvvəl Jezero kraterini meydana gətirən nəhəng meteorit zərbəsi zamanı yaranmış ola bilər. Zərbənin yaratdığı həddindən artıq yüksək temperatur və təzyiq süxurlarda xüsusi şərait formalaşdırıb.

Ehtimala görə, zərbə nəticəsində yaranan hidrotermal mayelər süxurlarla qarşılıqlı təsirə girərək onların tərkibində alüminiumun miqdarını artırıb. Bu isə korundun əmələ gəlməsi üçün əlverişli kimyəvi mühit yaradıb.

Kəşflə bağlı ətraflı araşdırmanın nəticələri Geophysical Research Letters elmi jurnalında dərc olunub.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.