Meta Avstraliyada 16 yaşdan aşağı istifadəçilərə aid 756 min sosial media hesabını bağlayıb
ABŞ-ın texnologiya şirkəti Meta Platforms Inc. Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə dair qanun çərçivəsində 756 min Instagram və Facebook hesabına girişi məhdudlaşdırıb.
Şirkətin açıqlamasına görə, Avstraliyada qanunun 2025-ci ilin dekabrında qüvvəyə minməsindən əvvəl və sonra aparılan yoxlamalar nəticəsində 16 yaşdan aşağı şəxslərə aid olduğu müəyyən edilən 462 min Instagram və 294 min Facebook hesabı bağlanıb.
Meta bildirib ki, yoxlamalar süni intellektlə işləyən aşkarlama sistemləri vasitəsilə fasiləsiz davam etdirilir. Şirkət bağlanan hesabların sayının artacağını da vurğulayıb.
Avstraliyada sosial şəbəkələrə yaş məhdudiyyəti
Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini məhdudlaşdıran qanun 10 dekabr 2025-ci ildə qüvvəyə minib.
Qanun çərçivəsində X, Instagram, Facebook, TikTok, YouTube və Snapchat ilə yanaşı, Reddit, Twitch, Threads və Kick daxil olmaqla ümumilikdə 10 platforma yaş məhdudiyyətinə tabe tutulur.
Avstraliya hökuməti bu qanunla sosial media alqoritmlərinin və zərərli məzmunların uşaqlar və yeniyetmələrə mənfi təsirini azaltmağı hədəfləyir.
Qanuna əsasən, şirkətlər 16 yaşdan aşağı uşaqlara aid hesabların platformalardan çıxarılması üçün lazımi tədbirləri görmədikləri halda 49,5 milyon Avstraliya dollarınadək cərimə ilə üzləşə bilərlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az