İngiltərədə meşə yanğını riski: Birdəfəlik manqalların satışına məhdudiyyət çağırışı
İngiltərədə havaların kəskin istiləşməsi və meşə yanğınları riskinin artması hökuməti tədbirlər görməyə vadar edib.
Baş nazir Andy Burnham mağazaları birdəfəlik manqalların satışını müvəqqəti dayandırmağa çağırıb. O bildirib ki, uzunmüddətli perspektivdə hökumət yay aylarında bu məhsulların satışının tamamilə qadağan edilməsini də nəzərdən keçirə bilər.
Məlumata görə, Burnhamın rəhbərliyi ilə keçirilən COBRA fövqəladə iclasında həddindən artıq isti hava, meşə yanğınları və quraqlıq məsələləri müzakirə olunub. İclasda Ətraf Mühit, Qida və Kənd İşləri Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Ətraf Mühit Agentliyinin nümayəndələri iştirak edib.
Temperatur 38 dərəcəyə yüksəlir
Britaniyanın Meteorologiya İdarəsi (Met Office) ölkədə həddindən artıq isti hava ilə bağlı ikinci ən yüksək xəbərdarlıq səviyyəsini qüvvəyə mindirib.
Midlands bölgəsi, İngiltərənin cənub-şərqi və London başda olmaqla bir sıra ərazilərdə temperaturun 30 dərəcənin ortalarına və daha yüksək göstəricilərə çatacağı, bəzi yerlərdə isə 38 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır.
Temperaturun 38 dərəcəyə çatması bu ilin yayında indiyədək qeydə alınan ən yüksək temperatur göstəricisi olacaq.
Burnham daha əvvəl də birdəfəlik manqalların ölkədə bəzi yanğınlara səbəb olduğunu bildirərək insanları onlardan istifadə etməməyə çağırmışdı.
İngiltərə yanğınsöndürmə xidmətləri və Britaniya Pərakəndə Satıcılar Konsorsiumu (BRC) 2023-cü ildə də həddindən artıq isti hava elan edildikdə və ya yerli hakimiyyət orqanlarından “sübutlara əsaslanan” tələb daxil olduqda birdəfəlik manqalların satışının dayandırılması barədə razılığa gəlmişdi.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az