Gözəllik yuxusu həqiqətən varmış: Siz yatarkən bədəninizdə dəyişən 10 mühüm proses
Yuxu sadəcə dincəlmək və enerji toplamaq üçün deyil. İnsan yatarkən beyin, ürək, immun sistemi, hormonlar və hətta dəri aktiv şəkildə bərpa olunur. Mütəxəssislər keyfiyyətli və kifayət qədər yuxunun sağlam həyat üçün vacib olduğunu bildirirlər.
Yuxu zamanı bədəndə nələr baş verir?
1. Beyin özünü “təmizləyir”
Yuxu zamanı beyində gün ərzində toplanan metabolik tullantıların təmizlənməsi və öyrənilən məlumatların yaddaşa yerləşdirilməsi prosesləri gedir.
2. Ürək və damarlar dincəlir
Sağlam yuxu zamanı ürək döyüntüləri yavaşlayır, qan təzyiqi aşağı düşür. Yuxusuzluq isə yüksək təzyiq, ürək-damar xəstəlikləri və insult riskini artırır.
3. İmmunitet sistemi güclənir
Yuxu zamanı orqanizmin infeksiyalara qarşı müdafiə mexanizmləri aktivləşir. Davamlı yuxusuzluq immun sisteminin zəifləməsinə səbəb olur.
4. Hüceyrələr bərpa olunur
Yuxu zamanı zədələnmiş hüceyrələrin və toxumaların bərpası sürətlənir. Melatonin də orqanizmin antioksidant müdafiəsində rol oynayır.
5. Bağırsaq sistemi yuxudan təsirlənir
Yuxu rejiminin pozulması bağırsaq mikrobiotasına təsir göstərir, köp, həzmsizlik və digər həzm problemlərini artırır.
6. İştah və qan şəkəri tənzimlənir
Az yatmaq aclıq hissini artıra, toxluq hissini azaldır. Bu isə şirniyyat və xəmir məhsullarına istəyin artmasına və uzun müddətdə metabolik problemlərə səbəb olur.
7. Böyrəklər maye-mineral balansını tənzimləyir
Yuxu zamanı böyrəklərin su və mineral balansının tənzimlənməsində rolu davam edir. Xroniki yuxusuzluq böyrək sağlamlığına da mənfi təsir göstərir.
8. Reproduktiv hormonlar tənzimlənir
Keyfiyyətli yuxu qadın və kişilərdə reproduktiv hormonların normal ifrazı üçün əhəmiyyətlidir. Uzunmüddətli yuxusuzluq reproduktiv sağlamlığa mənfi təsir göstərir.
9. Beyin emosiyaları emal edir
Yuxu zamanı beyin gün ərzində yaşanan hadisələri emal edir. Yetərsiz yuxu əsəbilik, narahatlıq və əhval-ruhiyyənin pisləşməsinə səbəb olur.
10. Dəri özünü yeniləyir
Gecə saatlarında dərinin bərpa prosesləri davam edir. Keyfiyyətli yuxu dərinin daha canlı görünməsinə kömək edir. Xroniki yuxusuzluq isə dərinin solğunlaşmasına və yaşlanma əlamətlərinin daha tez görünməsinə səbəb olur.
Yuxu sağlamlığa qoyulan sərmayədir
Mütəxəssislər bildirirlər ki, keyfiyyətli yuxu yalnız səhər yorğun oyanmamaq üçün deyil, uzunmüddətli sağlamlığı qorumaq üçün də vacibdir. Beyindən immun sisteminə, hormonlardan dəriyə qədər bütün orqanizmin normal fəaliyyəti üçün kifayət qədər və keyfiyyətli yuxu əsas şərtlərdən biridir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az