Daim önə əyilmək boynu yükləyir
Fiziki Tibb və Reabilitasiya üzrə mütəxəssis, professor Şeniz Akçay mobil telefon, planşet və kompüterdən istifadə zamanı uzun müddət önə əyilmiş vəziyyətdə qalmağın boyun fəqərələri və əzələlərə düşən yükü əhəmiyyətli dərəcədə artırdığını bildirib.
Onun sözlərinə görə, yetkin insanın başının çəkisi təxminən 5 kiloqramdır. Baş dik vəziyyətdə olduqda boyun bu ağırlığı daşıyır. Lakin baş uzun müddət önə əyildikdə boyuna düşən yük təxminən 25 kiloqrama qədər artır.
Akçay qeyd edib ki, hərəkətsiz həyat tərzinin geniş yayılması, uyğun olmayan ofis şəraiti və texnoloji cihazlardan istifadənin artması son illərdə boyun ağrılarının daha çox müşahidə olunmasına səbəb olur. Problem uşaqlardan yaşlılara qədər bütün yaş qruplarında rast gəlinir.
Uzun müddət önə əyilmək boyun yırtığına zəmin yaradır
Boyun ağrısı və duruş pozuntularının qarşısını almaq üçün ekranın düzgün yerləşdirilməsi vacibdir. Stolüstü kompüterin monitoru göz səviyyəsində və təxminən bir qol məsafəsində olmalıdır. Noutbuk, planşet və telefon üçün qaldırıcı stendlərdən, lazım gəldikdə isə əlavə klaviatura və daha böyük monitorlardan istifadə etmək tövsiyə olunur.
Uzun müddət önə əyilmək yalnız boyun nahiyəsinə deyil, bədənin yuxarı hissəsinə də təsir göstərir. Çiyinlərin önə düşməsi və kürəyin əyilməsi kimi duruş pozuntuları, fəqərələrarası disklərdə problemlərin, o cümlədən boyun yırtığının yaranmasına zəmin yaranır.
Hər 20-30 dəqiqədən bir fasilə vermək lazımdır
Uzun müddət kompüter və ya telefon istifadə edən şəxslərin hər 20-30 dəqiqədən bir ayağa qalxması və qısa məsafə də olsa gəzməsi tövsiyə olunur.
Bununla yanaşı, çənəni geriyə çəkmək, kürək sümüklərini arxaya doğru yaxınlaşdırmaq, çiyinləri geriyə çəkmək və sadə boyun hərəkətləri etmək faydalıdır. Bu hərəkətlər boyun ağrısı və duruş pozuntularının yaranma riskini və ağrının şiddətini azaltmağa kömək edir.
Mütəxəssis bildirib ki, qaydalara əməl edilmədikdə boyun ağrısı və ağrı tutmaları artır, boyun yırtığı, boyun düzləşməsi və struktur meyillilik olduqda onurğa kanalının daralması kimi problemlər yaranır. Boyun və kürək nahiyəsində ağrı ilə müşayiət olunan, xalq arasında “qulunc” adlandırılan əzələ sindromu da bunlardan biridir.
Akçay vurğulayıb ki, gün ərzində daim ideal vəziyyətdə oturmaq mümkün deyil. Əsas məsələ uzun müddət eyni pozisiyada qalmamaq və tez-tez sağlam bədən vəziyyətinə keçməkdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az