Azər Badamov: “Azərbaycanın 2050-ci il uğuru bu gün sinif otaqlarında formalaşan nəsildən başlayır”.

Azər Badamov: “Azərbaycanın 2050-ci il uğuru bu gün sinif otaqlarında formalaşan nəsildən başlayır”.

Müasir dünyada dövlətlərin davamlı inkişafını təmin edən əsas amillərdən biri insan kapitalının formalaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsidir. Sürətlə dəyişən texnologiyalar, süni intellekt, rəqəmsallaşma və avtomatlaşdırma əmək bazarının tələblərini də dəyişdirir. Belə bir şəraitdə təhsil sistemi yalnız mövcud bilikləri ötürməklə kifayətlənməməli, gələcəyin çağırışlarına cavab verə biləcək, yaradıcı düşünən, innovasiyalara açıq və dəyişikliklərə uyğunlaşma bacarığı olan nəsil yetişdirməlidir.

Azərbaycanın qarşıya qoyduğu uzunmüddətli inkişaf hədəflərinə çatmasında da təhsilin və insan kapitalının xüsusi rolu var. Güclü dövlət quruculuğu, iqtisadi inkişaf, elmi-texnoloji tərəqqi və milli dəyərlərin qorunması birbaşa olaraq gələcək nəsillərin dünyagörüşü və hazırlıq səviyyəsi ilə bağlıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Azər Badamov Gundelik.az-a müsahibəsində Azərbaycanın 2050-ci il hədəflərinə çatmasında təhsilin rolu, insan kapitalının inkişafı, milli ideologiyanın və azərbaycançılıq məfkurəsinin gənc nəslə aşılanması, məktəbin və müəllimin qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb.

– Sizcə, güclü dövlət quruculuğunun əsas sütunlarından biri olan təhsilin inkişafı Azərbaycanın 2050-ci il hədəflərinə çatmasında nə dərəcədə əhəmiyyətlidir?

– Mən hesab edirəm ki, təhsil Azərbaycanın 2050-ci il hədəflərinə çatmasının əsas dayaqlarından biridir. Çünki güclü dövlət, ilk növbədə, güclü insan kapitalı deməkdir. Savadlı, bilikli, dünyagörüşlü və müasir düşüncəli vətəndaşlar olmadan nə iqtisadi inkişafı, nə elmi-texnoloji tərəqqini, nə də dövlətin uzunmüddətli inkişafını təmin etmək mümkündür.

Təhsil millətin gələcəyidir. Bu gün dünyada elə sürətli dəyişiklik prosesi gedir ki, gələcəyin necə olacağını tam dəqiqliklə proqnozlaşdırmaq artıq mümkün deyil. Süni intellekt, rəqəmsallaşma, yeni texnologiyalar və avtomatlaşdırma həyatımızın bütün sahələrini dəyişir. Bu gün mövcud olan bir sıra peşələr sabah aktuallığını itirə, onların yerini isə bu gün adını belə bilmədiyimiz yeni ixtisaslar tuta bilər.

Ona görə də bizim vəzifəmiz yalnız gənclərə bu günün biliklərini vermək deyil. Biz onları daim dəyişən dünyaya uyğunlaşa bilən, yeni bilikləri mənimsəyə bilən, yaradıcı düşünən və innovasiya yaradan şəxsiyyət kimi yetişdirməliyik.

Azərbaycanın 2050-ci il hədəfləri də bu baxımdan sadəcə arzu və ya uzaq gələcəyə hesablanmış bir plan kimi qəbul edilməməlidir. Bu, qarşıdakı onilliklər üçün strateji seçimimizdir. Həmin hədəflərə çatmaq üçün bu gündən insan kapitalına, elmə, təhsilə və innovasiyaya sərmayə qoymalıyıq.

Biz dünyadakı inkişaf tempinə yalnız onu izləməklə deyil, yeni ideyalar və yeni texnologiyalar yaradan ölkəyə çevrilməklə cavab verməliyik. Bunun üçün isə bizə yüksək ixtisaslı mühəndislər, alimlər, müəllimlər, həkimlər, proqramçılar, tədqiqatçılar, sahibkarlar və yeni dövrün digər mütəxəssisləri lazımdır.

Mən Azərbaycanın gələcəyinin açarını məhz təhsildə görürəm. Çünki təhsilə qoyulan sərmayə yalnız bir insanın deyil, bütövlükdə dövlətin gələcəyinə qoyulan sərmayədir.

Əgər məqsədimiz 2050-ci ildə daha güclü, daha rəqabətqabiliyyətli, texnoloji baxımdan inkişaf etmiş və vətəndaşlarının rifahını təmin edən Azərbaycan görməkdirsə, bunun təməlini bu gündən məktəbdə, universitetdə, elmdə və biliyə münasibətdə qurmalıyıq.

Başqa sözlə, Azərbaycanın 2050-ci il uğuru bu gün sinif otaqlarında formalaşan nəsildən başlayır.

– Milli ideologiyanın, Azərbaycançılıq məfkurəsinin və dövlətçilik ənənələrinin gənc nəslə aşılanmasında məktəblərin rolunu necə qiymətləndirirsiniz?

– Milli ideologiya, azərbaycançılıq məfkurəsi və dövlətçilik ənənələri bizim milli kimliyimizin əsas dayaqlarıdır. Mən hesab edirəm ki, öz tarixini, kimliyini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini bilməyən cəmiyyət gələcəyini də tam inamla qura bilməz.

Azərbaycançılıq məfkurəsinin gücü ondadır ki, o, insanları milli-etnik, dini və digər mənsubiyyətlərindən asılı olmayaraq vahid Vətən anlayışı ətrafında birləşdirir. Bu məfkurə Azərbaycanı öz Vətəni bilən hər bir insan üçün ortaq dəyər və mənəvi bağ yaradır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir-birinə bağlayan, onları Azərbaycanla əlaqələndirən əsas amillərdən biri də məhz bu milli düşüncədir.

Bu baxımdan məktəbin rolu əvəzsizdir. Məktəb yalnız riyaziyyat, tarix, fizika və digər fənlərin öyrədildiyi yer deyil. Məktəb həm də şəxsiyyətin, vətəndaşın və milli kimliyin formalaşdığı məkandır. Biz məktəbdə yalnız bilikli şagird deyil, öz dövlətini sevən, tarixini bilən, milli dəyərlərinə hörmət edən və Vətəni qarşısında məsuliyyət hiss edən vətəndaş yetişdirməliyik.

Bu gün Azərbaycan öz tarixinin mühüm və şərəfli mərhələsini yaşayır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması xalqımız üçün böyük tarixi hadisədir. Üçrəngli bayrağımız bu gün Azərbaycanın bütün ərazilərində qürurla dalğalanır. Bu, bizim üçün yalnız siyasi və hərbi uğur deyil, eyni zamanda milli yaddaşımız və dövlətçilik tariximiz baxımından böyük əhəmiyyət daşıyan hadisədir.

Təbii ki, bugünkü Azərbaycanın uğurları hər bir azərbaycanlıda qürur hissi yaradır. Amma qələbə və uğur yalnız əldə edilməklə kifayətlənmir. Əsas məsələ onları qorumaq, daha da möhkəmləndirmək və gələcək nəsillərə ötürməkdir.

Bunun üçün gənc nəslin milli ideologiya, azərbaycançılıq məfkurəsi və dövlətçilik düşüncəsi ruhunda yetişdirilməsi olduqca vacibdir.

Çünki bu günün şagirdi sabahın alimi, diplomatı, səfiri, siyasətçisi, dövlət xadimi, müəllimi və rəhbəridir. Əgər biz bu gəncdə milli məsuliyyət və dövlətçilik düşüncəsi formalaşdıra bilsək, o, harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycanın layiqli təmsilçisinə çevriləcək.

Mən buna görə azərbaycançılığı yalnız bir ideoloji anlayış kimi deyil, həm də milli birlik formulumuz kimi qiymətləndirirəm. Azərbaycançılıq insanları bir amal ətrafında birləşdirir: güclü dövlət, güclü cəmiyyət və firavan Azərbaycan.

Milli dəyərlərlə böyüyən, tarixini bilən, dövlətinə bağlı olan və eyni zamanda müasir dünyagörüşünə malik gənc Azərbaycanın ən böyük sərvətidir. Belə gənclər dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq Azərbaycanın elçiləri olacaqlar.

Ona görə də məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri yalnız savadlı insan yetişdirmək deyil, həm də milli kimliyini dərk edən, dövlətinə və Vətəninə bağlı, müasir dünyada öz sözünü deyə bilən vətəndaş formalaşdırmaqdır.

Çünki güclü dövlətin gələcəyi güclü vətəndaşdan, güclü vətəndaşın gələcəyi isə düzgün təhsildən başlayır.

Aynur Turan 

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.