Ağciyərlərin gizli düşməni: Bronxoektaziya

Ağciyərlərin gizli düşməni: Bronxoektaziya

Davamlı öskürək, çoxlu bəlğəm və xırıltılı tənəffüs kimi şikayətlərlə özünü göstərən bronxoektaziya erkən mərhələdə aşkar edilmədikdə ağciyərlərdə qalıcı zədələnmələrə səbəb olur. Xəstəliyin səssiz irəliləməsinə qarşı erkən diaqnoz və düzgün müalicə böyük əhəmiyyət daşıyır.

Xalq arasında “ağciyərin çürüməsi” kimi tanınan bronxoektaziya ağciyərlərdə qalıcı zədələnmələrə səbəb olaraq həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Lakin xəstəlik erkən aşkarlandıqda nəzarət altına alına bilir. Buna baxmayaraq, bu sağlamlıq problemi cəmiyyətdə kifayət qədər tanınmır.

Bronxoektaziyanın inkişaf etmiş ölkələrdə də mühüm xəstəlik yükü yaratdığı, bəzi araşdırmalarda KOAH və astma ilə müqayisə edilə bilən yayılma göstəricilərinə malik olduğu bildirilir. Xəstəliyin erkən mərhələdə adətən yüngül simptomlarla özünü göstərməsi və bu əlamətlərin başqa xəstəliklərlə qarışdırılması isə onu daha təhlükəli edir.

Ağciyər zədələnməsi nəticəsində yaranır

Bronxoektaziya, əsasən əvvəllər keçirilmiş ağciyər infeksiyaları da daxil olmaqla müxtəlif səbəblərdən yaranan zədələnmə nəticəsində ağciyərlərdəki hava yollarının — bronxların — geri dönməz şəkildə genişlənməsi ilə xarakterizə olunan xəstəlikdir.

Bronxoektaziyada ağciyərlərdə hava axınını təmin edən bronxların strukturunda pozğunluq yaranır. Bronx divarlarının zədələnməsi nəticəsində bronxlar zamanla genişlənir və anormal quruluş alır. Bu isə bronxlarda ifraz olunan seliyin daha çox toplanmasına səbəb olur.

Toplanan selik ağciyərləri infeksiyalara daha həssas vəziyyətə gətirir. Təkrarlanan infeksiyalar isə daha çox selik yaranmasına və zamanla hava yollarının tutulmasına səbəb olur.

Qanlı bəlğəmə diqqət

Bronxoektaziyanın ən xarakterik əlamətlərindən biri xroniki öskürək və bəlğəmdir. Xəstələr adətən hər gün öskürür və çoxlu miqdarda bəlğəm xaric edirlər.

Bəlğəmdə zolaq şəklində qan görülə bildiyi kimi, bəzi hallarda çox miqdarda qanlı bəlğəm də müşahidə olunur. Ağızdan qan gəlməsi — hemoptizi — bronxoektaziyanın səbəb ola biləcəyi mühüm əlamətlərdəndir.

Digər simptomlara:

xırıltılı tənəffüs;

halsızlıq;

nəfəs darlığı;

qızdırma;

bəlğəmin miqdarının artması;

bəlğəmin daha qatı olması;

tənəffüs çətinliyinin artması

daxildir.

Xüsusilə xəstəliyin kəskinləşmə dövrlərində bu əlamətlər daha qabarıq şəkildə ortaya çıxır.

Erkən diaqnoz ağciyər zədələnməsini azaldır

Bronxoektaziyanın diaqnozu üçün döş qəfəsinin rentgenoqrafiyası və torakal kompüter tomoqrafiyasından (KT) istifadə edilir. Daha ətraflı və dəqiq görüntü verdiyi üçün bronxoektaziyanın müəyyənləşdirilməsində kompüter tomoqrafiyası mühüm müayinə üsuludur.

Erkən diaqnoz müalicəyə daha tez başlanmasına, infeksiya və iltihabın minimum səviyyədə saxlanmasına imkan verir. Bunun nəticəsində ağciyər və bronxlardakı zədələnmənin sürəti azaldıla və xəstəlik nəzarətdə saxlanıla bilər.

Bəzən isə diaqnoz gec qoyulur. Bunun səbəbləri arasında xəstələrin xəstəliyin kəskinləşməsi xaricində həkimə müraciət etməməsi, kəskin vəziyyətin müalicəsi ilə kifayətlənilməsi və əlavə müayinələrin aparılmaması göstərilir. Bundan başqa, kəskinləşmə zamanı yaranan simptomların pnevmoniyaya bənzəməsi də diaqnozu çətinləşdirir.

Kimlər risk qrupundadır?

Əvvəllər göyöskürək, pnevmoniya və ya vərəm kimi ağciyər infeksiyaları keçirən şəxslərdə bronxoektaziya riski artır.

Bundan başqa:

tənəffüs yollarında yad cismin yaratdığı tıxanıqlıq;

kistik fibroz;

autoimmun xəstəliklər;

immun çatışmazlıqlar;

kirpikli hüceyrələrin funksiyasının pozulması;

alfa-1 antitripsin çatışmazlığı

kimi vəziyyətlər də bronxoektaziyanın yaranmasına səbəb olur.

Müalicədə ilk addım dərman terapiyasıdır

Bronxoektaziyanın müalicəsində ilk seçim adətən medikamentoz müalicədir. Ən mühüm məsələlərdən biri bronxit və ya pnevmoniya tutmaları zamanı xəstəliyin kəskinləşməsinin uyğun antibiotiklərlə müalicə edilməsidir.

Müalicənin digər mühüm istiqamətləri isə:

müntəzəm tənəffüs məşqləri;

döş qəfəsi fizioterapiyası;

tənəffüs yollarının selikdən təmizlənməsi;

ağciyər reabilitasiyası;

mukolitik dərmanlar;

inhalyasiya müalicələri;

qrip və pnevmokok əleyhinə peyvəndlərdir.

Bronxoektaziya xəstələrində ağciyər infeksiyalarına yoluxma riski daha yüksək olduğundan, uyğun peyvəndlərin vaxtında edilməsi mühüm profilaktik tədbirlərdən biridir.

Bununla yanaşı, xəstəliyə səbəb ola biləcək əsas faktorlar və yanaşı xəstəliklər də araşdırılmalı, onların müalicəsi planlaşdırılmalıdır.

Dərman müalicəsinə cavab verməyən, müəyyən nahiyə ilə məhdudlaşan bronxoektaziya zamanı təkrarlanan qanlı bəlğəm və infeksiyalar müşahidə edilərsə, uyğun xəstələrdə cərrahi müalicə də nəzərdən keçirilir.

Müalicə edilmədikdə ciddi fəsadlara səbəb olur

Bronxoektaziya mütləq nəzarətdə saxlanılmalı və müalicə edilməli olan ciddi xəstəlikdir. Müalicəsiz qaldıqda tənəffüs çatışmazlığına və həyati təhlükə yarada bilən hemoptiziyaya səbəb olur. Bu xəstələrdə vərəm olmayan mikobakteriyaların yaratdığı infeksiyalar da müşahidə edilir.

Xəstəliyin inkişafının qarşısını almaq üçün uşaqlıq dövründə infeksiyalardan qorunmaq və peyvəndləri vaxtında etdirmək, siqaretdən uzaq durmaq, bəlğəmin müntəzəm xaric edilməsinə diqqət etmək və tənəffüs məşqlərini davam etdirmək vacibdir.

Qeyd: Qanlı bəlğəm, artan nəfəs darlığı, yüksək hərarət və ya vəziyyətin kəskin pisləşməsi olduqda gecikmədən həkimə müraciət edilməlidir.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.